Prezident vətəndaşların sağlamlığını tam nəzarətində saxlayır
Bu gün dünyada koronavirus (COVİD-19) pandemiyasının tüğyan etdiyi bir vaxtda intensiv mübarizə aparılmasına baxmayaraq, dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində hər gün yüzlərlə insan bu dəhşətli xəstəliyin qurbanına çevrilir.
Lakin Koronavirus (COVİD-19) infeksiyanın qlobal təhlükəyə çevrilməyə başladığı ilk vaxtdan etibarən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbul etdiyi tarixi qərarlar pandemiyanın ölkəmizdə geniş yayılaraq kütləvi insan ölümünə səbəb olmasının qarşısını aldı. Belə ki, qətiyyətli, çevik və yüksək idarəetmə sayəsində dövlət təşkilatlarının, özəl və ictimai qurumların fəaliyyəti tamamilə pandemiya dövrünün tələblərinə uyğunlaşdırıldı.
Ölkəmizdə mərhələli şəkildə, effektiv mexanizmlərlə tətbiq edilmiş karantin rejimi infeksiyaya yoluxanların sayını minimuma endirib.
Koronavirusa qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin qısa müddət ərzində səfərbər olunması, ümumilli həmrəyliyin daha da gücləndirilməsi dövlətimizin sağlam siyasi və mənəvi dayaqlar üzərində bərqərar olduğunu, xalq-hakimiyyət birliyinin sarsılmazlığını göstərir.
Bəşəriyyətin hazırlıqsız yaxalandığı pandemiya ilə effektiv mübarizədə Azərbaycan öz standartını yaradaraq dünyaya bunu təqdim etməyi bacardı. Dünyanın bir çox inkişaf etmiş ölkə liderlərinin pandemiyanın qarşısını vaxtında ala, kifayət qədər cəsarət və liderlik bacarığı nümayiş etdirə bilməməsi nəticəsində həmin ölkələrdə yaşanan faciəvi durumu və kütləvi insan ölümünün hər gün şahidi olururq.
Azərbaycanda isə məhz Prezident cənab İlham Əliyevin güclü liderlik və fədakar əməyi nəticəsində infeksiyanın yayılması tam nəzarətdə saxlanılır, vətəndaşların sağlamlığı, iqtisadi və sosial təminatı üçün dünyaya nümunə olacaq tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, artıq onlarla ölkə Azərbaycan təcrübəsindən yararlanmaq üçün bizə müraciət edir və onu tətbiq edirlər.