Azərbaycan Prezidentinin təqdir olunan təşəbbüsləri və beynəlxalq miqyasda verilən yüksək qiymət
Baş verən istənilən qlobal gərginlik beynəlxalq münasibətlər sisteminin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər, suallar yaradır. Lakin istənilən halda qlobal qarşılıqlı faydalı əməkdaşlıq hər bir böhrandan çıxmaq üçün ən doğru yoldur. Sovet İttifaqının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində yaranmış qeyri-müəyyənlik fonunda müxtəlif bölgələrdə münaqişələr başladı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkənin belə bir ağır vəziyyətində çıxış yolunu dünya dövlətləri ilə əməkdaşlıqda gördü. Ulu Öndər öz şəxsi nüfuzundan və beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsindən istifadə edərək Azərbaycanı qlobal müstəviyə çıxara bildi, dünya dövlətlərini Azərbaycanla əməkdaşlığa cəlb etməyə nail oldu. Əlbəttə, dünyanın güclü dövlətlərini, tanınmış şirkətlərini müharibə şəraitində olan, yenicə müstəqilliyini bərpa etmiş bir ölkəyə sərmayə yatırmağa inandırmaq o qədər də asan deyildi. Şəxsi nüfuzu, diplomatiya elminin sirlərini dərindən bilməsi sayəsində Heydər Əliyev qısa müddətdə Azərbaycanın, ilk növbədə, iqtisadi əməkdaşlıq üzərində qurulan gələcəyini təmin edə bildi. Artıq özünü sübut etmiş liberal iqtisadi nəzəriyyənin də əsas təməl prinsipi məhz budur: Dövlətlər yalnız qarşılıqlı səmərəli əməkdaşlıqla iqtisadi qüdrətlərini artıra bilərlər. Sülhə, inkişafa yalnız qarşılıqlı iqtisadi əməkdaşlıqla nail olmaq mümkündür.
Bəli, bu gün də dünyamız ağır böhranla üz-üzədir. Belə çətin məqamda – sərhədlərin bağlandığı, beynəlxalq tədbirlərin ləğv edildiyi, yaxın təmasların olmadığı bir müddətdə müasir texnologiyaların tətbiqi ilə əməkdaşlığın davamlılığını qorumaq zəruridir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında Zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi həm də onu sübut etdi ki, yaxın təmaslar olmadan da beynəlxalq əməkdaşlığı qurmaq və onu inkişaf etdirmək mümkündür. Azərbaycan Prezidentinin bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların Zirvə görüşlərini keçirməsi sözsüz ki, pandemiya ilə mübarizədə dövlətlərarası, təşkilatlararası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Prezidentinin bu təşəbbüsləri həm də dövlətimizin başçısının Ulu Öndərin əsasını qoyduğu və inkişaf etdirdiyi siyasətə sadiqliyinin göstəricisidir.
Digər tərəfdən, dünyanın aparıcı ölkələrinin çarəsiz qaldıqları şəraitdə Azərbaycan dövlətinin xalqın sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də milli iqtisadiyyata xarici mənfi təsirlərin minimuma endirilməsi və insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində atdığı qətiyyətli addımlar beynəlxalq təşkilatlar tərəfindən alqışlanır və digər ölkələrə nümunə göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə ünvanladığı məktubda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirməsi istiqamətində Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. O, həmçinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Zirvə görüşlərinin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Bundan əlavə, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerin Prezident İlham Əliyevin iştirakı ilə keçirilən videokonfransda səsləndirdiyi fikrə diqqət çəkmək istərdim. “Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq”. Dünyanın texnologiya sahəsində ən böyük şirkətlərindən birinin rəhbərliyində təmsil olunan xanım Kramerin bu fikri Azərbaycanın, onun Prezidentinin təşəbbüslərinə beynəlxalq səviyyədə verilən böyük dəstəyin daha bir göstəricisidir.
Digər diqqətçəkən məqam isə Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda yer alan fikirlərdir. Məktubda Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini vurğulayır, ölkələrimizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il ərzində davam edən əməkdaşlığı və Azərbaycanın töhfələrini yüksək qiymətləndirir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin təklif etdiyi qarşılıqlı faydalı əməkdaşlıq modeli dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycanın liderliyi, bu istiqamətdə verdiyi töhfələr dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır.