Könüllülər koronavirusla mübarizədə dövlətin yanındadırlar
Məlum olduğu kimi, Prezidentin müvafiq Sərəncamına əsasən 2020-ci il “Könüllülər ili” elan edilib və bu, Azərbaycanda könüllülər hərəkatına dövlət tərəfindən verilən dəstəyin, önəmin təzahürüdür. Bu dəstəkdən ruhlanan gənc könüllülərin ilin əvvəlindən müxtəlif istiqamətlərdə fəaliyyəti daha da genişlənib. Ölkəmizdəki könüllülər təkcə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı deyil, həmçinin bir sıra vacib proseslərdə də ön sıralarda gedir, dövlət qurumlarına yaxından dəstək göstərirlər.
Elə koronavirus pandemiyası dövründə könüllülərin sərgilədiyi fəaliyyət, həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin yaradılması və uğurlu fəaliyyəti də bunu bir daha təsdiqləyir. Gənclərimizin könüllülər hərəkatında yaxından iştirak etməklə yanaşı, Azərbaycanın bugünkü inkişafında oynadıqları rola gəlincə, deputat deyib ki, dövlət başçısı gənclərin rolunu hər zaman yüksək qiymətləndirib. Prezident müsahibəsində bu məqama da toxundu və bildirdi ki, bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar.
Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir”, - deyən dövlət başçısı bildirdi ki, məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, digər ölkələrlə bu təcrübəni bölüşsün. Dövlət başçısı, həmçinin gənclərimizin bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verdiklərini xüsusi vurğulamaqla yanaşı, bir daha bəyan etdi ki, bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir.
Cənab Prezident tərəfindən növbəti dəfə gənclərə verilən yüksək qiymət həm də onların üzərinə daha böyük vəzifələr, daha böyük məsuliyyət qoyur. Yəni, bu gün yüksək biliklərə yiyələnən vətənpərvər Azərbaycan gəncləri bizim müstəqilliyimizi daim gücləndirmək və ölkəmizin uzun illər, onilliklər bundan sonra da dayanıqlı inkişafını təmin etmək üçün daim öz üzərilərində işləməli, səylə çalışmalıdırlar.