Ermənistanı daha böyük sarsıdıcı zərbələr gözləyir
Dövlət başçısının böyük uzaqgörənliklə söylədiyi "erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Ermənistanda artıq reallığa çevrildi.
İyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında da məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev deyib: "Bildiyiniz kimi, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası "qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb”.
Bu gün Ermənistan Dağlıq Qarabağ probleminin dinc müstəvidə həlli məqsədilə ona verilən şansı hələ də lazımınca dəyərləndirmir. Eyni zamanda işğal olunmuş ərazilərdə yaradılan qondarma separatçı rejimin keçirdiyi "prezident seçkiləri” də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirməkdədir. Sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır.
Dağlıq Qarabağda yaradılmış separatçı rejimin keçirdiyi sonuncu "seçkilər” də bu qəbildən olan növbəti cəhddən başqa bir şey deyil. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib. Amma Ermənistan hələ də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək həmin sənədlərdə qoyulan tələbi yerinə yetirməkdən imtina edir.
Azərbaycan Prezidenti İlham Əliyev göstərilən xüsusda bildirib: "İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası "seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!”
Beləliklə, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir.
Ermənilərin isə buna müqavimət imkanları getdikcə daha zəif hala gəlir. Digər tərəfdən düşmən görür ki, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Qarabağ probleminin həllində şərtlərin məhz Azərbaycanın diktə etməsinə şərait yaradır.
Aclıq və səfalət içərisində yaşayan Ermənistan əhalisi görür ki, bu durumda Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməz. Ermənilər görürlər ki, işğal faktoru üzərindən yürüdülən militarist siyasət, qonşu dövlətlərə qarşı ərazi iddialarının təşviqi və yarıtmaz idarəçilik Yerevanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub. Bu isə ölkənin çöküşünü sürətləndirir, əhalinin ölkədən qaçmasına, olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına səbəb olur.
Bu durumda Azərbaycanın öz təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır. Əks təqdirdə Ermənistanı Azərbaycan başqa yolla ərazisindən çıxmağa vadar edəcək.