Daşkəsən rayonunda “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib
Oktyabrın 29-da Ombudsmanın Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda uşaqlarla görüşə gəlib.
Daşkəsən şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Rayon Təhsil Şöbəsinin müdir müavini Rizvan Ələsgərov, Rayon Polis Şöbəsinin inspektoru Ramiz Mazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Şamxal Həsənov, körpələr evi-uşaq bağçalarının müdirləri, məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan RİH-nin məsul əməkdaşı Elmar Əliyev möhtərəm Prezident cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini vurğulayıb.
E. Əliyev deyib ki, yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman Daşkəsən Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, maraqlı, yaddaqalan olması və bilik səviyyələrinin, dünyagörüşlərinin artırılması üçün silsilə tədbirlər təşkil edilib keçirilir.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr – Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilib.
S. Abbasov həmçinin insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Müvəkkilin fəaliyyətində uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyini və uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntuların vaxtında müəyyən edilərək araşdırılması üçün təsisatda 24 saat fəaliyyət göstərən (012) 916 qaynar xəttinin yaradıldığını diqqətə çatdırıb.
Digər çıxış edənlər də bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Qeyd edilib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.
Tədbir mövzu ətrafında diskussiyalarla davam edib, şagirdlərin sualları ətraflı cavablandırılıb.
Elmar ƏLİYEV
Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini –
dini qurumlarla işin təşkilatçısı