Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovla birgə oktyabrın 15-də Çaykənd kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərini salamladıqdan sonra giriş nitqi ilə çıxış edib. O deyib:
Bu gün oktyabrın 15-də ölkə başçısı cənab İlham Əliyevin səyyar qəbullarla bağlı tapşırıq və tövsiyələrinə əsasən Çaykənddə təşkil olunan görüşdə Prezident Administrasiyasının məsul işçisi hörmətli Arif Novruzov, Rayon İcra Hakimiyyətinin işçiləri, rayon hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri iştirak edirlər.
Əvvəlki səyyar qəbullarda olduğu kimi bu gün Çaykənddəki görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həlli və vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənmək, qaldırılmış məsələləri daxili imkanlar hesabına operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda Prezident Administrasiyasına - hansı ki bu gün, rayonumuzun kuratoru da bu səyyar görüşdə iştirak edir, lazımi məlumatları ona verməklə aidiyyətı nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Bu müraciətlərin nəticəsi də olacaq.
Bu gün Daşkəsəndə dövlət proqramına əsasən həm rayonun mərkəzində, həm də kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılır.
Belə ki, Daşkəsənin ən ucqar dağ kəndlərinə ardıcıl şəkildə müasir yolların çəkilməsi, ən əsası Çovdar filiz emalı sahəsinin tikintisi, yeni məktəb binalarının tikintisi, qazlaşdırılma və elektrik təchizatının, irimiqyaslı su və kanalizasiya layihəsinin icrası sahəsində işlər davam etdirilir.
Rayonumuzun kəndlərarası yollarına Daşkəsən-Əmirvar-Qabaqtəpə və o cümlədən gördüyünüz kimi Quşçu-Çovdar-Çaykənd avtomobil yoluna müasir səviyyədə asfalt örtüyünün çəkilməsi, Qabaqtəpə-Astaf yolunda yeni böyük körpülərin tikilməsi bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayon əhalisinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Sizlərin hər birini ölkə rəhbərimizin ətrafında həmişə olduğu kimi sıx birləşməyə, ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıram.
Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı həyata keçirilən tədbirlərin xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını vurğulayıb.
Arif Novruzov qəbul olunan dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat verib. Bildirib ki, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Belə ki, Çaykənd kimi ən ucqar dağ kəndlərinə müasir yollarının çəkilməsi, yeni məktəb binalarının tikintisi, mərhələlərlə qazlaşma işlərinin aparılması, elektrik, su təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər qaz xəttinin çəkilməsi, yararsız elektrik dayaqlarının dəyişdirilməsi, işlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı