Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə güclü külək, dolu və leysan yağışları ciddi fəsadlar törədib

21 may 2019 | 16:00

Daşkəsən rayonu ərazisində 19 may 2019-cu il tarixdə saat  20:00 radələrində təbii fəlakət baş verib. Dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi – qasırğa nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik şəbəkəsinin çoxsaylı dirəklərinə və elektrikverici xətlərə, rabitə, yaşıllaşdırma, o cümlədən fərdi  təsərrüfatlara ziyan dəymişdir.

Qərb Regional Hidrometeorologiya Mərkəzinin Daşkəsən Rayon İcra Hakimiyyətinə verdiyi 20 may 2019-cu il tarixli 58 nömrəli arayışa əsasən rayon ərazisində 19 may 2019-cu il tarixdə saat  20:10 radələrindən başlayan küləyin  maksimal sürəti 20-30 m/san olmuşdur.

Təbii fəlakət nəticəsində Daşkəsən şəhər Səməd Vurğun küçəsi 17, Tofiq İsmayılov 13,  Nizami küçəsi 16, 19, 20, Xətai küçəsi 6 saylı yaşayış  binalarının  dam örtüklərinə  ziyan dəymişdir.

Eyni zamanda rayonun qəsəbə və kəndlərindəki yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyərək dam örtükləri yararsız hala düşmüşdür.

Güclü külək Daşkəsən şəhərində xeyli sayda ağacı kökündən aşırmışdır.

Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə yaradılmış komissiya tərəfindən müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunmuşlar.
            Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün bərpa işləri aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Keçidlər