Vətənə əzəmət gətirən Novruz Bayramı
(Daşkəsənlilərin Novruz şənliyindən reportaj)
Mart ayının 18-i Daşkəsən şəhərində əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin adını daşıyan meydan bayramsayağı bəzədilmişdir.Üzlərdə sevinc, təbəssüm hamı bir-birini təbrik edir, xoş arzularını, istəklərini, məhəbbətlərini bildirirlər. Bu Novruz bayramının oyatdığı sevinc hissləri xoş əhval-ruhiyyədir. Adama elə gəlir ki,bu Novruz şənliyinin səhər günəşi bayram tədbiri iştirakçılarını salamlayır,onların gələcək xoş günlərinə alqış deyir.Budur, meydan boyu min illərdən bəri süzülüb gələn, adət-ənənələrimizi yaşadan dəyələr, nənələrin yadigarları tikmələr, hörmələr,yun daraqları, cəhrələr,arı şanları, saxsı qablar, sərniclər, mis kasalar,su səhəngləri göz oxşayır, şənliyin milliliyindən,zənginliyindən xəbər verir.Meydanın digər hissəsində atlı cəngavərlər növbəyə dayanıb,at üstündə güləş nümayiş etdirmək həvəsilə şənliyi izləyirlər.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzür və meydan şənliyində nümayiş olunan bütün naminasiyaları müşahidə edir.Tədbirin zənginliyini,əzəmətini seyr etdikcə adamın qəlbində belə bir hiss oyanır. Bizə həyat verən günəşə günəş kimi boylanan ulu öndərin böyüklüyünə, dahiliyinə heyrət hissi. Vətənimizə əzəmət gətirən Novruz bayramına əbədiliyi,daimiliyi bəxş edən məhz əbədiyaşar ulu öndərimiz olmuşdur.Onun məlum sərəncamı ilə Novruz bayramı 20 ilə yaxındır ki, dövlət səviyyəsində qeyd edilir.
Burada hər şey gözəldir.Təşkilatçılıq, təşəbbüslər, nümayiş etdiriləcək nömrələrin ardıcıllıqla düzülüşü diqqəti cəlb edir.Gənc pəhləvan İntizam Bayramovun dişlərinin gücü ilə minik maşınını 15-20 m məsafəyə çəkməsi meydan tamaşaçılarını heyrətə gətirir. İdmançıların nümayiş etdirdikləri vərdiş və bacarıqlar razılıqla qarşılanır.Şənliyin aparıcısı “Benç Press” üzrə Azərbaycan çempionu,idman ustası,Daşkəsən idman məktəbinin yetirməsi Xəqani Abdullayevi Novruz şənliyinin tonqalını yandırmağa dəvət edir. Novruz ocağının şöləsi sanki meydana istilik, canlanma bəxş edir.
Aparıcının səsi eşidilir: “Ocağının istisinə toplaşdığımız Novruz bayramı barış, dostluq, ənənəvi saflıq, gözəllik, birlik, təbiətin oyanış bayramıdır.İndi ölkəmizin hər yerində Novruz bayramının təntənəsi,əhval-rühiyyəsi yaşanmaqdadır.Yola saldığımız pələng ili ağ pişik ili ilə əvəz olunur.Biz hər birimiz fəxr edirik ki, Novruz bayramı əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə 20 il əvvəl vətənimizin səması üzərinə qaldırılan, vüqarla,əzəmətlə dalğalanan bayrağımızın qanadları altında qeyd olunur.
Təbrik üçün söz daşkəsənlilərin sevimlisi, Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə verilir.Başçı bütün daşkəsənliləri təbrik edərək, sözünə davam edir :
- Bu gün bizim hər birimizin sevinməyə,fəxr etməyə haqqı vardır.Hər birimiz Heydər Əliyev məktəbinin yetirmələriyik.Onun ideyalarının həyata keçirilməsi yolunda dönməz bir əsgərik. Müstəqilliyimizi əbədi,daimi,dönməz edən,bizi uğurlardan-uğurlara,xoş gələcəyə aparan Heydər Əliyev ideyalarına alqış deyirik.Ulu öndərimiz Heydər Əliyev ideyaları ilə vəhdət olan xalqın birliyi qoy əbədi yaşasın.
Sizlərin hər birinin yaddaşı canlı tarixdir.20 ildir ki, Azərbaycanda müxalifət adlı bir qurum şəxsi maraqlar çərçivəsindən hərəkət edərək,vətənə,Heydər Əliyev siyasi kursuna müxtəlif yollarla maneələr törətməyə çalışsalar da bir nəticəyə nail olmadılar.Tarixin müxtəlif məqamlarında onlar özlərinin siyasi səriştəsizliyi,bacarıqsızlığı,naşılığı üzündən ümumxalq nifrəti qazandılar.
Yaşadığımız aylar,illər təsdiq edir ki,Heydər Əliyev siyasi kursu Azərbaycanı xoş gələcəyə aparır.Məhz bunların nəticəsidir ki,möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasət nəticəsində,nəhəng layihələrin həyata keçirilməsi sayəsində qitələr bir-birinə qovuşdurulur,okeandan-okeana çıxış əldə olunur.Bu Heydər Əliyev siyasətinin daxildə və beynəlxalq aləmdə siyasətinin qələbəsi və təntənəsidir.
Möhtərəm Prezidentimizin biz daşkəsənlilərə hörmət və ehtiramı böyükdür,daimidir.Onun məqsədi Qoşqar elində yeni bir Daşkəsən yaratmaqdır.Bu əziz gündə mən siz daşkəsənlilərin adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevi və onun xanımı Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik edir,onlara böyük hörmət və ehtiramımızı çatdırıram.Məhz Mehriban xanımın apardığı çox böyük ideoloji işin nəticəsidir ki,2010-cu ilin fevral ayında BMT-nin baş məclisində Novruz bayramı “Beynəlxalq Novruz günü” kimi qeyd olunması barədə qətnamə qəbul olunmuş, Novruz bayramı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Qoy Tanrı möhtərəm Prezidentimizi qorusun!
Prezidentimiz isə bizləri qorusun.
Mənim sizlərə arzum budur : Tonqallarımız qoşa yansın.Əkdiyimiz qurumasın.Köhlənimiz yorulmasın.Əkinimizə,tikinimizə bərəkət, övladlarımıza qeyrət arzulayıram.Vətən qeyrəti,xalq qeyrəti!... Novruz bayramınız mübarək!
Novruz bayramında adətdir.Eldə obada imkanı məhdud insanlara Novruz sovqatı göndərilir.Rayonumuzdan 500 nəfər şəhid ailələrinə,Qarabağ əlillərinə,Çernobıl əlillərinə,tənha qocalara və aztəminatlı ailələrə bayram sovqatı verilmişdir.”
Novruz şənliyi rəngarəng musiqi nömrələri rəqslər,sehrbazların və Fantaziya sirkinin artistlərinin əyləncəli nömrələri ilə daha şənlənir,alqışlarla qarşılanır. “Aşıq Pəri” məclisinin xanımlarının çıxışları bayram əhval-rühiyəli insanaların çöhrələrinə təbəssümlər, gülüşlər bəxş edir.
Novruz bayramının Daşkəsəndə doğurduğu əhval-rühiyyəni rayonun əməkdar həkimi Şövkət xanım Mehdiyeva belə ifadə edir : “Azadlıq insanın qanadlarıdır.Qanadsız quş uça bilmədiyi kimi azad olmayan cəmiyyət də inkişaf edə bilməz. Doğrudur, Novruz bayramı müstəqilliyimizə qədər dövlətdən gizli şəkildə ailələrdə qeyd edilib. Bu günkü təmtəraqlı Novruz şənliklərini görəndə 1967-ci il yadıma gəlir. Onda mərhum Şıxəli Qurbanovun təşəbbüsü il respublika səviyyəsində böyük bir Novruz şənliyi keçirildi. Azərbaycanın əməkdar artisti Səfirə xanım ilk Bahar qızı idi.Bu şənlikləri seyr etdikcə Azərbaycanın bütün dərdlərinə loğman olan,əbədiyaşar Heydər Əliyevə və onun siyasətinə sədaqətlə xidmət edən insanlara alqış deyirəm.Qoy Azərbaycanımızın hər yerində həmişə bundan da gözəl bayramlar olsun.Ürəyimizdə gəzdirdiyimiz Qarabağ boyda yaramız tezliklə sağalsın.
Şövkət xanımın bu sözlərini əməkdar müəllim Duman Mahmudova,el ağsaqqalı Bəhram Həsənov,Qədir Bayramov və onlarca digərləri öz müsahibələrində alqışlayır, bu günümüzə minnətdarlıq, xoş gələcəyimizə inam ifadə edirlər.Vətənə əzəmət gətirən Novruz bayramını səmimi qəlbdən alqışlayırlar.
Novruz şənliyinin davamı olaraq Rayon İcra Hakimiyyətinin Başçısının təşəbbüsü ilə bir qrup ictimaiyyət fəalı sazlı-sözlü “Aşıq Pəri” məclisinin xanımları, el sənətkarları, yerli şairlər və aşıqlar, ümumtəhsil məktəblərinin nümayəndələri “N” saylı hərbi hissəyə vətənimizi qoruyan əsgərləri təbrik üçün getdilər. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əsgərlər qarşısında çıxış edərək onların bayramını təbrik etdi, xoş istək və arzularını bildirdi. El sənətkarlarının müxtəlif musiqi , rəqs və əyləncəli nömrələri ordumuzun əsgərlərinin bayram sevincinə sevinc gətirdi,onların istirahətinin xoş keçməsini təmin etdi.Hərbi hissənin rəhbərliyinə əsgərlər üçün aparılan bayram sovqatları,qiymətli hədiyyələr təqdim edildi.
Beləliklə, Qoşqar elində təşkil olunan Novruz şənliyi iştirakçıların böyük sevinci,razılığı və minnətdarlığı ilə başa çatdı.